Xoş gəlmişsiniz Araşdıraq

Ən cox oxunanlar

İnter-VLAN routinq laboratoriya çalışması
Salam, Bu dəfə laboratoriya çalımamız VLAN-lar arası routinq texnologiyasının tətbiqinə aiddir. 1. PC0 adlı kompüteri VLAN 10-a daxil edin və ip ünvan olaraq  192.168.1.100/24 verin. 2. PC1 adlı kompüteri VLAN 20-yə daxil edin və ip ünvan olaraq 172.16.1.100/24...
Ətraflı ...


Qeydiyyatdan keçən istifadəçilər

Qeydiyyatdan keçin!

Şifrəni unutmusunuz ?

Yeni şfrə e-mail adresinə göndəriləcək

“Yol Hərəkəti Haqqında” Qanun

 

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1-5

Birinci fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) yol hərəkəti – xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur;
2) yol hərəkətinin təşkili – nəqliyyat vasitələrininvə ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir;

3) yol hərəkətinin təhlükəsizliyi – yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir;
4) beynəlxalq yol hərəkəti – bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir;
5) avtomobil yolu – yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur;
6) avtomagistral – nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;
7) yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər);
8.) yol çiyini – yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, «yol çiyini» digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır;
9) baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir);
10) piyada keçidi – yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur;
11) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir;
12) nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır;
13) nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır;
14) ayırıcı zolaq – yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin, hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir;
15) hərəkət zolağı – yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır;
16) səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir;
17) nəqliyyat vasitəsi – yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür);
18) mexaniki nəqliyyat vasitəsi – asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir;
19) avtomobil – yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir);
20) operativ nəqliyyat vasitələri – yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir;
21) qoşqu – mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir;
22) yarımqoşqu – avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur;
23) uzun ölçülü nəqliyyat vasitəsi – uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir;
24) özügedən maşınlar – tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir;
25) təkərli traktor – yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir;
26) motosiklet – mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə bərabər tutulur);
27) moped – iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);
28) velosiped – əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir;
29) nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;
30) məcburi dayanma – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;
31) nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir;
32) parklanma – nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır;
33) yol hərəkəti iştirakçısı – hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir;
34) sürücü – hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur);
35) sərnişin – nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir;
36) piyada – nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur);
37) velosipedçi – əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir;
38) mal-qara ötürən – mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir;

39) ötmə – hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;”
40) üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur;
41) yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;
42) məhdudiyyətli görünmə – duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir;
43) yol-nəqliyyat hadisəsi – yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.
44) ümumi istifadədə olan nəqliyyat vasitəsi – sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay);
45) mütəşəkkil nəqliyyat dəstəsi – qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir;
46) avtoqatar – bir mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən ibarət tərkibdir;                                                                                                                              47) icazə verilən maksimum kütlə – istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir;
48) sutkanın qaranlıq vaxtı – sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir;
49) yaşayış məntəqəsi – giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir;
50) yaşayış zonası – yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52 nişanları ilə işarələnmiş hissəsidir.”;

Maddə 2. Qanunun təyinatı

Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

 

Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik

 

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri

Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti, habelə yol hərəkəti standartlarını müəyyən etmək və onları həyata keçirmək;
2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək;
3) yol hərəkətinin inkişafının və təhlükəsizliyinin təmin edilməsinə dair ölkə və onun inzibati ərazi vahidləri üzrə proqramları və planları qəbul etmək, onların icrası üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
4) yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin saxlanılması və inkişaf etdirilməsi, yollarda təhlükəsiz hərəkətin, habelə yol hərəkətinə dair ekoloji tələblərin təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri dövlət yol fondundan və dövlət büdcəsindən maliyyələşdirmək;
5) yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək;
6) avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə, saxlanılmasına və mühafizəsinə dair, habelə Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
7) avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər növ fəaliyyətin həyata keçirilməsi, nəqliyyat vasitələrinin təmiri və istismarı, daxili və beynəlxalq sərnişin və yük daşımaları, təhlükəli yüklərin daşınması qaydasını müəyyən etmək;
8.) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və sürücülük vəsiqəsinin nümunələrini müəyyən etmək;
9) ekoloji təhlükəsiz tələblərinə əməl etməklə, yol hərəkəti iştirakçılarının ehtiyaclarının təmin olunması məqsədilə avtomobil yollarının saxlanılmasını, təmirini, yenidən qurulmasını və tikintisini təşkil etmək və onların həyata keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq;
10) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək;
11) yol hərəkəti iştirakçılarının tibbi təminatını, o cümlədən yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardımın göstərilməsini təşkil etmək;
12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri və təcrübi imtahanlar qəbul etmək, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq;
13) əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək, yol hərəkəti təhlükəsizliyi sahəsində bu Qanunla müəyyən olunmuş tələblərə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etmək;
14) yaşayış məntəqələrinin baş planlarına, müfəssəl planlaşdırılması və tikintisi layihələrinə, kompleks nəqliyyat sxemlərinə və yol hərəkətinin təşkili sxemlərinə uyğun olaraq rayon (şəhər) ərazilərində yol hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək;
15) pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək;
16) yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək;
17) yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasını müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək;
18) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, dövri texniki baxışları həyata
keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;

19) nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək;
20) Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair müvafiq rəylər vermək, onların sınaqlarında iştirak etmək, bu tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək;
21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək;

22) yollarda nəqliyyatın və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətini təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətini təşkil etmək;
23) yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirmək məqsədilə stasionar postların siyahısını və dislokasiyasını müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, yol-nəqliyyat hadisələrində zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün tibbi ləvazimatla və dava-dərmanla təmin etmək, insanın adi həyati yaclarının ödənilməsi üçün lazımi şəraitlə təmin etmək;
24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək;
25) hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə təhqiqatın aparılmasını və inzibati işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək;
26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılmasını təşkil və təmin etmək;
27) yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq;
28) hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sürətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və digər yaşayış məntəqələrindən keçməsini təşkil və təmin etmək;
29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;
2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;
3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;
4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;
5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;
6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

Mənbə  http://www.dyp.gov.az

Şərh yaz

Şərh yazmaq istəyirsinizsə qeydiyyatdan keçməlisiniz.

Top