OSI modeli – Transport pillə, 1-ci hissə

OSI modeli – Transport pillə, 1-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Transport pillə informasiyanın seqmentlərə (kiçik hissələrə) bölünməsi və bu seqmentlərin yenidən birləşdırılməsi mexanizminə nəzarət edir. Əsas funkisyaları bunlardır:

  1. Mənbə (source) və mənsəb (destination) tərəfdəki proqramlararası fərdi kommunikasiya prosesini izləmək
  2. İnformasiyanı seqmentlərə bölmək və hər seqmenti idarə etmək
  3. Seqmentləri proqramın anlaması üçün yenidən birləşdirmək
  4. Şəbəkədən istifadə edən müxtəlif proqramları təyin etmək

Fərdi kommunikasiya prosesinin izlənməsi

Hər bir fərdi kompüterdə bir çox sayda şəbəkə yönümlü proqramlar vardır. Bu proqramların hər biri şəbəkədə olan digər bir kompüterdəki bir və ya daha çox proqramla əlaqə qurur. Belə proqramlar arasında kommunikasiya prosesinin qurulumasını məhz Transport pillə həyata keçirir.

Datanın seqmentlərə bölünməsi

Hər bir proqram şəbəkə üzərindən data yolladığı zaman onu idarəolunan hissələrə bölməlidir. Transport pillənin protokolları Application pillədən alınan datanın seqmentlərə bölünməsini təmin edir. Bu isə hər bir data hissəciyi üzərində baş verən yeni bir prosesi – enkapsulyasiya prosesi – anlayışını ortaya çıxarır. Bu proses zamanı datanın hər bir hissəciyinə başlıq (header) əlavə edilir.

Seqmentlərin birləşdirilməsi

Seqmentləri qəbul edən tərəf bu seqmentlərin Application pilləyə ötürülməsindən əvvəl vahid data şəklinə salınmalıdır. Transport pillədəki protokollar Transport pillənin başlıq bolümündəki informasiyadan istifadə edərək fərdi hissəciklərin vahid dataya çevrilməsi prosesini həyata keçirir.

Müxtəlif proqramları təyin etmək

Transport pillə seqmentlərin birləşdirilməsindən əldə edilən vahid datanın hansı proqrama çatrdırılmasını təyin etməlidir. Buna nail olmaq üçün Transport pillə proqrama işarə və ya identifikator (identifier) qoyur. TCP/IP protokolu bu işarəni port nömrəsi (port number) adlandırır. Şəbəkədən istifadə edən hər bir proqrama proqramın yerləşdiyi şəbəkə daxilində vahid port nömrəsi verilir. Bu port nömrəsi transport pillənin başlıq bölümündə yerləşdirilir və bu yolla datanın hansı proqrama çatdırılacağı məlum olur.

Transport pillə Application pillə və şəbəkə mübadiləsinə cavabdeh olan daha aşağı pillələr arasında vasitəçi rolunu oynayır. Proqramların şəbəkənin işləmə mexanizmini bilməsinə ehtiyac yoxdur. Proqramlar yalnız data yaradır. Eyni zamanda OSI modelinin aşağı pillələrinin hansı proqramın hansı datanı göndərdiyini bilməsinə belə ehtiyac yoxdur. Onların işi yalnız datanı çatdırmaqdır. Transport pillə qəbul etdiyi seqmentləri vahid data halına salaraq müvafiq proqrama ötürür.

Dataya olan tələbin fərqliliyi

Proqramların dataya olan tələbi müxtəlif olduğu üçün Transport pillədə bir neçə protokol mövcuddur. Bəzi proqramlar vahid data əldə etmək üçün seqmentlərin özünəməxsus ardıcıl şəkildə qəbul olunmasını tələb edir. Başqa halda isə datanın tam şəkildə, yəni seqmentlərin hamısının qəbul olunması vacibdir. Şəbəkədə ötürülmə zamanı datanın bəzi hissələrinin itirilməsinə əhəmiyyət verməyən proqramlar da vardır.

Çoxməqsədli kommunikasiya prosesinin təyin edilməsi

(Separating Multiple Communications)

Təsəvvür edin ki, istifadəçi şəbəkəyə bağlanmış kompüterdə eyni anda elektron məktub qəbul edir və yollayır, veb səhifələrə baxır və ya VoIP vasitəsilə telefon zəngi edir. Bu prosesdə iştirak edən proqramlar eyni anda şəbəkə üzərindən data yollayır və qəbul edir. Bununla belə, telefondan gələn data veb brouzerə və ya veb brouzerə aid data isə telefona ötürülmür. Bu proses zamanı data hissəciklərinin tam şəkildə və ya qismən qəbul olunması datayı emal edəcək proqramdan asılı olaraq dəyişir. Datanı xırda hissəciklərə bölüb, mənbədən mənsəbə göndərərkən eyni şəbəkədə çoxlu sayda müxtəlif kommunikasiya proseslərinin axını – multipleksləşdirmə prosesi baş verir. Transport pillənin protokolları sayəsində baş verən seqmentləşmə prosesi bir şəbəkədə müxtəlif proqramların eyni anda data yollamasına və qəbul etməsinə imkan verir. Bu prosessiz eyni anda şəbəkədə yalnız bir proqram data yollaya və qəbul edə bilərdi. Transport pillədə mənbədəki və mənsəbdəki proqram arasında baş verən bu data mübadiləsi (flow) söhbət (conversation) adlanır.

Hər bir data hissəciyini müəyyənləşdirmək üçün Transport pillə bu hissəciyə ikili datadan təşkil olunan başlıq əlavə edir. Bu başlıq müxtəlif sahələrdən (field) ibarətdir. Məhz bu sahənin göstəricisindən asılı olaraq Transport pillənin müxtəlif protokolları müxtəlif funksiyalar həyata keçirir. Başlıqdakı bu informasiyadan istifadə edən Transport pillə datanın bölünməsi və yeniden toplanması kimi əsas funksiyalarla yanaşı aşağıdakı funksiyaları da yerinə yetirir:

  • Əlaqə tələb edən söhbətlər (Connection-oriented conversations)
  • Etibarlı çatdırma (Reliable delivery)
  • Eyni sırada toplanma (Ordered data reconstruction)
  • Axına nəzarət (Flow control)

Əlaqə tələb edən söhbətlər

(Connection-oriented conversations)

Transport pillə bu əlaqəni qurmaq üçün proqramlar arasında sessiyalar yaradır. Bu əlaqə data ötürülməzdən əvvəl proqramları bir-birilə tanışdırır. Bir sessiya daxilində ötürülən datanı daha ətraflı idarə etmək mümkündür.

Etibarlı çatdırma

(Reliable delivery)

Bir çox səbəbdən data hissəciyi zədəli şəkildə çatdırıla və ya ötürülmə prosesi zamanı tamamilə itə bilər. Transport pillə bu halı hiss etdikdə mənbədən zədəli və ya itmiş hissəciyin yenidən ötürülməsini tələb edir.

Ardıcıl sırada toplanma

(Ordered data reconstruction)

Şəbəkədə müxtəlif ötürmə vaxtına sahib olan bir neçə yol (route) olduğuna görə data səhv ardıcıllıqda qəbul oluna bilər. Seqmentlərin nömrələnməsi (numbering) və sıralanması (sequencing) yolu ile Transport pillə data hissəciklərini düzgün sırada toplanmasına zəmanət verir.

Axına nəzarət

(Flow control)

Şəbəkədə datayı qəbul edən tərəf heç də hər zaman yaddaş və ya sürətli kommunikasiya kanalı kimi güclü resursa malik olmur. Transport pillə qəbul edən tərəfin resurslarının normadan artıq yükləndiyini hiss edir və göndərən tərəfə data axınının həcmini azaltmağı bildirir. Axına nəzarət funksiyası şəbəkədə seqmentlərin itməsinin və ya itən seqmentlərin yenidən ötürülməsinin qarşısını alır.

Davamı var…

 

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı