OSI modeli – Transport pillə, 4-cü hissə

OSI modeli – Transport pillə, 4-cü hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bir çox proqramlar böyük həcmdə məlumat ötürür. Bu məlumatın həcmi bəzən gigabaytlarla ölçülür. Bu həcmdə olan məlumatı bir parça halında yollamaq praktik cəhətdən əlverişsizdir. Çünki böyük həcmdə məlumat ötürülən zamanı eyni zamanda digər bir məlumatın ötürülməsi mümkünsüz olur. Böyük həcmdə olan məlumat ötürülməsi saatlarla davam edə bilər. Əlavə olaraq, ötürülmə zamanı xəta baş verərsə, bütün məlumat itə və ya yenidən ötürülə bilər. Şəbəkə avadanlıqlarının belə bu məlumatı ötürmək və ya qəbul etmək üçün kifayət qədər bufer (buffer) yaddaşı olmaya bilər. Proqramdan gələn məlumatın hissələrə (seqmentlərə) bölünməsi bu problemin həlli yoludur.

TCP protokolu mühitində hər bir seqmentin sıra nömrəsi (sequence number) vardır. Bu sıra nömrəsi mənsəb tərəfdə aktiv olan Transport pilləyə seqmentlərin ardıcıl sırada yığılması imkanını verir.

UDP protokolundan istifadə edən servislər də proqramlar arasındakı söhbətləri izləməsinə baxmayaraq, məlumatın ardıcıl şəkildə ötürülməsi və ya əlaqəyə nəzarət ilə maraqlanmır. UDP başlığında sıra nömrəsi yoxdur. Məhz bu xüsusiyytinə görə UDP seqmentə əlavə informasiya əlavə etmir və məlumatın daha tez ötürülməsini həyata keçirir. UDP protokolundan istifadə edən proqramlar UDP protokolunun həm mənfi, həm də müsbət keyfiyyətlərini nəzərə almalıdır.

TCP-header-e1310532914677.gif

Mənbə və mənsəb port (source and destination port) - hər biri 16-bit sahəni əhatə edərək, mənbə və mənsəb proqramları təyin edir.

Sıra nömrəsi (sequence number) – 32-bit sahəni əhatə edərək, enkapsulyasiya edilmiş məlumatın göndərən tərəfin məlumat ötürmə həcminə uyğun gəlib-gəlməməsini təyin edir. Məsələn, əgər seqmentin sıra nömrəsi 1500-dirsə və seqment 512 oktet məlumatdan ibarətdirsə, onda növbəti seqmentin sıra nömrəsi 1500 512=2012 olacaqdır.

Təsdiqləmə nömrəsi (acknowledgment number) – 32-bit sahəni əhatə edərək, mənbənin mənsəbdən qəbul edəcəyi növbəti seqmentin sıra nömrəsini ifadə edir. Əgər mənbə tərəfdə təsdiqləmə nömrəsi növbəti sıra nömrəsinə uyğun gəlməzsə, deməli məlumatın mübadiləsi prosesində xəta baş vermişdir. Bu mexanizm sayəsində hansı seqmentin mübadilə prosesi zamanı itirildiyini də təyin etmək mümkündür.

Başlığın uzunluğu (header length) – bəzən Data Offset də adlanır. 4-bit sahə olub, başlığın uzunluğunu bildirir.

Ehtiyat sahə (reserved field) – 6-bit sahəni əhatə edir. Dəyəri həmişə 0-dır.

Bayraqlar (flags) – 6-bit sahəni əhatə edərək, məlumat axınına (data flow) və əlaqəyə nəzarət (connection control) funksiyasını yerinə yetirir. Bayraqlar bunlardır:

Urgent (URG)

Acknowledgment (ACK)

Push (PSH)

Reset (RST)

Synchronize (SYN)

Final (FIN)

Pəncərə həcmi (window size) – 16-bit sahəni əhatə edərək, məlumat axınına nəzarət edir. Təsdiqləmə nömrəsindən əvvəl nə 

qədər məlumat ötürüləcəyini təyin edir.

Yoxlama dəyəri (checksum) – 16-bit sahəni əhatə edərək, baş vermiş xətanı müəyyən edir.

Təcili (urgent pointer) – yalnız URG bayrağı qeyd edildikdə, işlənilir. 16-bit sahəni əhatə edərək, sıra nömrəsinə əlavə edilir. Çatdırılması təcili olan məlumatın sonunu bildirir.

Seçimlər (options) – Mənbə tərəfin TCP prosesi tərəfindən istifadə edilir. Ən çox istifadə olunan maksimum seqment həcmi (maximum segment size) seçimidir. Qəbul edilə biləcək ən böyük seqment həcmini bildirir. Sahənin qalan hissələri başlığın uzunluğunu tamamlamaq üçün 0-larla doldurulur.

TCP və UDP arasında əsas fərq etibarlı çatdırmadadır. TCP əlaqəsinin etibarlılığı əlaqə tələb edən (connection-oriented) sessiyalardan istifadə etməsindədir. TCP protokolundan istifadə edən mənbə mənsəbə məlumat yollamazdan əvvəl Transport pillə mənsəb ilə əlaqə qurma prosesini işə salır. Bu əlaqə ikitərəfli şəkildə qurulur. Əlaqə zamanı sessiya izlənilir və əlaqədə iştirak edən hər iki tərəfin məlumat mübadiləsinə hazır olduqları bildirilir. Sessiya qurulduqdan sonra mənsəb mənbəyə aldığı hər seqment üçün təsdiqləmə (acknowledgement) mesajı yollayır. Bu təsdiqləmə mesajları TCP protokolunun etibarlılıq funksiyasının əsası sayılır. Mənbə təsdiqləmə mesajını alan kimi anlayır ki, yolladığı məlumat mənsəbə çatib və artıq məlumatı izləmə prosesini sonlandıra bilər. Mənbə əvvəlcədən təyin edilmiş vaxt çərçivəsində təsdiqləmə mesajı almadıqda, o, həmin məlumatı bir daha mənsəbə yollayır. TCP protokolunun aktiv olduğu şəbəkədə əlavə trafiki məhz bu təsdiqləmə mesajları və yenidən ötürülmələr təşkil edir. Bundan başqa sessiyaların qurulması şəbəkədə əlavə seqment mübadiləsi yaradır. Mənbə və mənsəb tərəfdə də seqmentləri izləmək üçün əlavə mübadilə prosesi baş verir.

TCP protokolu etibarlı çatdırmaya TCP seqmentinin özünəməxsus funksiyalara malik olan yuxarıda qeyd etdiyimiz sahələri vasitəsilə nail olur.

Davamı var…

Uğurlar!

Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı