EtherChannel texnologiyası

EtherChannel texnologiyası
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

EtherChannel.png

 

Cisco sviçlərarası sürəti artırmaq üçün EtherChannel texnologiyasını kəşf etmişdir. EtherChannel texnologiyası sviçlərarası iki, dörd, altı və səkkiz fiziki Fast Ethernet (FE), Gigabit Ethernet (GE), və ya 10-Gigabit Ethernet (10GE) əlaqənin müvafiq olaraq, Fast EtherChannel (FEC), Gigabit EtherChannel (GEC), və ya 10-Gigabit Etherchannel (10GEC) məntiqi xəttdə birləşdirərək, sürətin artırılmasına imkan yaradır. Beləliklə, EtherChannel texnologiyası tam dupleks (full-duplex) rejimində maksimum 1600 Mbps (səkkiz Fast Ethernet əlaqəsi), 16 Gbps (səkkiz Gigabit Ethernet əlaqəsi), və ya 160 Gbps (səkkiz 10-Gigabit Ethernet əlaqə) sürət verir. EtherChannel məntiqi portu altında birləşdirilən fiziki portlar eyni VLAN-a daxil olmalıdır. Əgər EtherChannel məntiqi portu trunk rejimində işləyəcəksə, onda fiziki portlar da trunk rejimində olmalı, eyni native VLAN xüsusiyyətinə malik olmalı və eyni VLAN-ları ötürməlidir. Hər bir fiziki port eyni sürət və dupleks rejimində fəaliyyət göstərməlidir. Bununla yanaşı, fiziki portlar eyni STP konfiqurasiyasına da malik olmalıdır. Bu texnologiya şəbəkə strukturunun əsas şərtlərindən biri olan genişlənmənin (scalability) düzgün və faydalı tətbiqinə imkan verir. Cüzi maddi vəsait sərf etməklə, sviçlərarası sürəti dəfələrlə artırmaq mümkündür.

 Bildiyimiz kimi, sviçlər arasında mövcud olan bir neçə fiziki əlaqə şəbəkə üçün təhlükəli olan sonsuz dövrə (loop) problemini yarada bilər. EtherChannel sviçlərarası bir məntiqi əlaqə yaradaraq, bu problemin qarşısını alır. Bu texnologiyanın tətbiqi üçün hər iki sviç EtherChannel texnologiyanın xüsusiyyətlərini və parametrlərini anlamalıdır. EtherChannel xətti bir məntiqi əlaqə kimi görünsə də, trafik EtherChannel məntiqi əlaqəni təşkil edən fiziki əlaqələr arasında bölüşdürülür. Buna baxmayaraq, trafik bütün fiziki xəttlər arasında bərabər olaraq bölüşdürülmür. EtherChannel texnologiyasında bir neçə fiziki xəttdən istifadə edildiyinə görə, bu fiziki xəttlərdən birində problem olarsa, digər qonşu fiziki xətt dövrəyə girir və data ötürülməsində iştirak edir. Bu proses bir neçə milli saniyə ərzində baş verir və istifadəçi yaranmış problemin iş prosesinə təsirini heç hiss etmir. Problemli fiziki xətt bərpa olunduqda, bu xətt trafikin fiziki xəttlər arasında bölüşdürülməsi prosesində yenidən iştirak edir.

EtherChannel texnologiyasında trafikin bölüşdürülməsi

EtherChannel texnologiyasında trafikin bərabər şəkildə bölüşdürülməsi vacib elementlərdən sayılmır. Trafik heşləmə alqoritminin nəticəsindən asılı olaraq müvafiq fiziki xəttlər seçildikdən sonra o xəttlər vasitəsilə ötürülür. Alqoritm mənbə ip ünvan, mənsəb ip ünvan və ya mənbə ip ünvanın və mənsəb ip ünvanın, o cümlədən mənbə MAC ünvanın və mənsəb MAC ünvanın kombinasiyasından istifadə edərək, bölüşdürmə üçün müəyyən məntiq əldə edir. Bununla yanaşı, TCP/UDP port nömrələrindən də istifadə edilə bilər. Heş alqoritmi ikili strukturu hesablayır və hər bir freymin ötürülməsi üçün lazım olan xəttin nömrəsini təyin edir. Əgər heş alqoritmində bir ünvan və ya bir port nömrəsi emal edilərsə, sviç hər bir freymi bir və ya daha çox aşağı sıra bitlərinin (low-order bits) məntiqi OR və ya XOR əməliyyatına məruz qalmasından sonra alınan heş dəyərindən istifadə edərək seçilmiş fiziki xətt vasitəsilə ötürür.

Qeyd: Low-order bit – İkili say sistemində sağ tərəfdəki bitdir. Məsələn: onluq say sistemində olan 10 rəqəminin ikili say sistemində təsviri 0000 1001 kimidir. 0000 1001 ikili rəqəmində əvvəldəki 0 yuxarı sıra biti, yəni high-order bit, sondakı 1 isə aşağı sıra biti, yəni low-order bit adlanır.

Əgər heş alqoritmində iki ünvan və ya iki port nömrəsi emal edirlərsə, sviç freymi iki ünvan və ya iki port nömrəsinin ikili rəqəminin bir və ya daha çox aşağı sıra bitlərinin üzərində OR (XOR) məntiqi əməliyyatını aparmaqla, əldə etdiyi heş dəyərinə əsasən seçdiyi fiziki xətt vasitəsilə ötürür.

Qeyd: Məntiqi OR əməliyyatı iki verilənə (0 və 1) tətbiq olunur və bir nəticə əldə edilir.

0 OR 0 = 0

0 OR 1 = 1

1 OR 0 = 1

1 OR 1 = 1

Göründüyü kimi, verilənlərin hər ikisi 0 və ya 1-dirsə, nəticə də müvafiq olaraq 0 və ya 1 olur.

Qeyd: Məntiqi XOR əməliyyatı iki verilənə (0 və 1) tətbiq olunur və bir nəticə əldə edilir.

0 XOR 0 = 0

0 XOR 1 = 1

1 XOR 0 = 1

1 XOR 1 = 0

Göründüyü kimi, verilənlərin hər ikisi 0 və ya 1-dirsə, yalnız onda nəticə 0-a bərabər olur.

Məsələn: 2 fiziki xəttin birləşdirilməsi ilə yaradılan EtherChannel məntiqi xətti son 1 bitin heş dəyərindən istifadə edir. Əgər heş dəyəri 0-dırsa, onda 0-cı fiziki xətt seçilir. Əgər heş dəyəri 1-dirsə, onda 1-ci fiziki xətt seçilir. 4 fiziki xəttin birləşdirilməsi ilə yaradılan EtherChannel məntiqi xətti son 2 bitin heş dəyərindən istifadə edir. 8 fiziki xəttin birləşdirilməsi ilə yaradılan EtherChannel məntiqi xətti son 3 bitin heş dəyərindən istifadə edir

İkili ünvan 2 fiziki xəttin birləşdirilməsi ilə yaradılan

EtherChannel XOR əməliyyatının nəticəsi və xətt nömrəsi

ünvan1: … xxxxxxx0 … xxxxxxx0 : 0-cı xətti istifadə et

ünvan2: … xxxxxxx0

__________________________________________________________________________

ünvan1: … xxxxxxx0 … xxxxxxx1 : 1-ci xətti istifadə et

ünvan2: … xxxxxxx1

__________________________________________________________________________

ünvan1: … xxxxxxx1 … xxxxxxx1 : 1-ci xətti istifadə et

ünvan2: … xxxxxxx0

__________________________________________________________________________

ünvan1: … xxxxxxx1 … xxxxxxx0 : 0-cı xətti istifadə et

ünvan2: … xxxxxxx1

Fərz edək ki, 192.168.15.1 ip ünvanlı mənbədən 172.31.16.26 ip ünvanlı mənsəbə paket yollanılır. Mənbə və mənsəb ip ünvanlarının son rəqəmi 1 və 6 rəqəmləridir. Bu rəqəmlərin ikili say sistemində təsviri 0000 0001 və 0000 0110 kimidir. 2 fiziki xəttin birləşdirilməsi ilə yaradılan EtherChannel məntiqi xətti 0000 0001 və 0000 0110 rəqəmlərinin son aşağı-sıra bitləri üzərində XOR əməliyyatı aparır: 1 XOR 0 = 1. Əldə edilən 1 ikili rəqəmi onluq say sistemində 1 olduğu üçün (0000 0001=1), EtherChannel məntiqi xəttindəki 1-ci fiziki xəttdən istifadə ediləcək. 4 fiziki xəttin birləşdirilməsi ilə yaradılan EtherChannel məntiqi xətti 0000 0001 və 0000 0110 rəqəmlərinin son 2 aşağı-sıra bitləri üzərində XOR əməliyyatı aparır: 01 XOR 10 = 11. Əldə edilən 11 ikili rəqəmi onluq say sistemində 3 olduğu üçün (0000 0011=3), freymin ötürülməsi zamanı EtherChannel məntiqi xəttindəki 3-cü fiziki xəttdən istifadə ediləcək. 8 fiziki xəttin birləşdirilməsi ilə yaradılan EtherChannel məntiqi xətti 0000 0001 və 0000 0110 rəqəmlərinin son 3 aşağı-sıra bitləri üzərində XOR əməliyyatı aparır: 001 XOR 110 = 111. Əldə edilən 111 ikili rəqəmi onluq say sistemində 7 olduğu üçün (0000 0111=7), reymin ötürülməsi zamanı EtherChannel məntiqi xəttindəki 7-ci fiziki xəttdən istifadə ediləcək.

İki avadanlıq arasında mübadilə həmişə EtherChannel məntiqi xəttə daxil olan eyni fiziki xətt üzərindən baş verir. Çünki mənbə və mənsəb ip ünvanlar dəyişməz olaraq qalır. Bununla belə, əgər bir avadanlıq bir neçə avadanlıqla məlumat mübadiləsi edirsə, mübadilə EtherChannel məntiqi xəttə daxil olan fərqli fiziki xəttlər üzərindən həyata keçirilir və bu zaman trafikin bölüşdürülməsi baş verir. EtherChannel texnologiyasından daha səmərəli istifadə etmək üçün heş alqoritmi üçün dəyişkən dəyərlər təqdim etmək lazımdır. Məsələn: bu dəyərlər kimi mənbə və mənsəb ip ünvanları ilə birgə UDP və ya TCP port nömrələrini də XOR məntiqi əməliyyatlı heş alqoritminin istifadəsinə təqdim etmək lazımdır.

Uğurlar!

Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı